REGİONLAR


Rabitə və yüksək texnologiyalar naziri Şirvanda vətəndaşlarla görüşüb VİDEO

Şirvan, 10 fevral, Mahir Babayev, AZƏRTAC

Fevralın 10-da rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şirvan şəhərində vətəndaşlarla görüşüb.

AZƏRTAC xəbər verir ki, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı şikayət və təkliflərini dinləyib, müraciətlərinə baxıb. Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.