İQTİSADİYYAT


Rabitə xidmətlərinin keyfiyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edib. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 400 nəfərin iştirak etdiyi sorğu iki müxtəlif auditoriyanı – rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşları əhatə edib.

Sorğunun nəticələrinə görə, rabitə xidmətlərindən istifadə edən vətəndaşların 24 faizi texniki keyfiyyətin aşağı olmasını, 13 faizi tariflərin yüksək olmasını, 63 faizi isə rabitə xidmətlərindən razılığını bildiriblər.

Telefon rabitəsindən istifadə edənlərin 82 faizi göstərilən xidmətlərdən razılığını, 18 faiz telefon xətlərindəki problemlərdən narazılığını bildirib.

“Rabitə və internet xidmətlərində hansı üstünlükləri və dəyişiklikləri görmək istərsiniz?” sualına sorğuda iştirak edənlərin 55 faizi keyfiyyətin yüksəldilməsini, 19 faizi tariflərin endirilməsini istəyiblər. Respondentlərin 26 faizi isə mövcud xidmətlərin onları qane etdiklərini bildiriblər.

Rabitə xidmətlərindən istifadə etməyən vətəndaşların 48 faizi mövcud xidmətlərdən və tariflərdən məlumatsız olduqlarını, 13 faizi isə rabitə xidmətlərinə ehtiyaclarının olmadığını qeyd ediblər. Sorğuda xidmətlərdən istifadə etməyən vətəndaşların 39 faizi yaxın gələcəkdə rabitə xidmətlərindən istifadə etməyi planlaşdırdığını vurğulayıblar.

Respondentlərin 22 faizi “Aztelekom” MMC-nin “170 Çağrı mərkəzi”nin xidmətlərindən istifadə etdiyini, 14 faizi bu xidmət haqqında məlumatsız olduğunu, 64 faizi isə ehtiyac olmadığı üçün istifadə etmədiklərini bildirib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsini və əlçatanlığını təmin etməyi tabe müəssisələrin qarşısında əsas prioritet kimi müəyyənləşdirib. Nazirliyin tapşırığına uyğun olaraq, rabitə və birlik müəssisələri ilk öncə mövcud problemləri müəyyənləşdirməli və problemlərin aradan qaldırılması üçün mühüm tədbirlər görməlidirlər. “Aztelekom” MMC-nin əhali arasında sorğu keçirməkdə də əsas məqsədi mövcud rabitə infrastrukturunda olan problemlərin müəyyən edilərək aradan qaldırılması və müştəri məmnunluğunun təmin edilməsi ilə bağlı araşdırmalara vətəndaşların rəyinin də alınmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.