ELM VƏ TƏHSİL


Radiasiya Problemləri İnstitutunda istənilən arxeoloji obyektin yaşının təyin olunması mümkündür

Bakı, 31 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun ətraf mühitin radiasiya kimyası laboratoriyasının əməkdaşları tərəfindən radioizotop yaş təyininin radiokarbon, elektron paramaqnit rezonans və termolümenessens kimi metodları mənimsənilib və ilkin təcrübi nəticələr alınıb. Radiokarbon metodu yaşı təyin edilən obyektin tərkibindəki radioaktiv karbon atomunun maye ssintilyasiya vasitəsilə miqdarının təyininə əsaslanır. Yaş təyininin radiokarbon metodu artıq bütün dünyada geniş tətbiq olunur və Azərbaycanda da bu metodun tətbiqinə başlanıb.

Bu barədə Radiasiya Problemləri İnstitutunda “Radioizotop yaş təyini” mövzusunda keçirilən elmi seminarda

ətraf mühitin radiasiya kimyası laboratoriyasının aparıcı elmi işçisi, kimya elmləri namizədi Sahib Məmmədov məruzəsində deyib.

Qeyd edilib ki, tərkibində üzvi maddə olan istənilən arxeoloji obyektin yaşının təyin olunması Radiasiya Problemləri İnstitutunda mümkündür. Bunun üçün laboratoriyada bütün lazımi avadanlıqlar və təcrübəli kadr potensialı mövcuddur.

Məruzədə artıq ilkin nəticə kimi iki nümunənin yaşının təyin edildiyi qeyd olunub. Lakin metodun tətbiq intervalı son 50 min il ilə məhdudlaşır və bu da radiokarbonun yarımparçalanma dövrünün 5 min 730 il olması ilə bağlıdır. Bu intervalın genişləndirilməsi üçün digər metodların da mümkünlüyü təcrübi şəkildə göstərilib. Həmçinin laboratoriyada elektron paramaqnit rezonans metodu ilə qədim diş nümunəsinin yaşı təyin edilib və termolunenessens metodun perspektivləri müzakirə edilib. Qeyd olunan bu son iki metod arxeoloji obyektlərin yaşının təyini intervalını 500 min ilə qədər genişləndirir.

Seminarda arxeoloji nümunələrin yaşının təyininin xüsusi əhəmiyyətindən bəhs olunub, tədqiqatların davam etdirilməsi və genişləndirilməsi tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.