SİYASƏT
Rafael Harpaz: Regionda sülh və sabitlik təmin edilərsə, iqtisadi nailiyyətlər daha da böyük olar
Təl-Əviv, 23 sentyabr, Anar Rzayev, AZƏRTAC
Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar uğurlu nəticə verəcək. Əsas məqsəd regionda sülh və sabitliyin təmin olunmasıdır. Regionda sülh və sabitlik təmin edilərsə, o zaman iqtisadi nailiyyətlər daha böyük olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İsrailin Azərbaycandakı keçmiş səfiri, İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru Rafael Harpaz deyib.
Ölkələrimiz arasındakı əlaqələrdən danışan Rafael Harpaz deyib: “Geosiyasi cəhətdən mürəkkəb regionda yerləşən İsrail və Azərbaycan bir çox sahələrdə uğurlu əməkdaşlığa malikdir. İsrailin “Start up” şirkətləri dünyada məşhurdur. Bu şirkətlərin nümayəndələri Qafqazda tərəfdaş axtarır. Enerji sahəsində tərəfdaşlığımız yüksək səviyyədədir. İsrail neftin 40 faizini Azərbaycandan alır”.
Azərbaycanın zəngin tolerantlıq ənənələrindən söhbət açan Rafael Harpaz İsrailin ölkəmizin yəhudi icmasına göstərdiyi tolerantlığı yüksək qiymətləndirdiyini vurğulayıb: “Azərbaycandakı tolerantlıq dünya ölkələrinə bir nümunədir. Bu, Azərbaycanın mədəni zənginliyi, ən böyük sərvətidir. Yəhudi icması hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss edib və burada qürurla yaşamaqdadır”.