İQTİSADİYYAT
Ramana-Maştağa avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
“Azəravtoyol” ASC tərəfindən aparılan Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi artıq yekunlaşıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 11 kilometr olan yenidən qurulan yol Heydər Əliyev prospekti-Mərdəkan və Zabrat-Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.
Yenidənqurma işləri çərçivəsində yolboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılıb. Ümumilikdə 41,3 min kubmetr torpaq işi görülüb, 46,7 min kubmetr karxana qırmadaşı və qum-qırmadaş qarışığı istifadə edilib. Bütün bu işlərə paralel olaraq yolboyu kommunikasiya xətləri köçürülərək, köhnə xətlər yeniləri ilə əvəzlənib.
Ümumilikdə 400 metr qaz və elektrik xətti, 450 metr isə rabitə xətti yoldan kənarlaşdırılıb. Yolboyu zəruri olan yerlərdə 108 ədəd 9 metr hündürlüyündə yeni işıqlandırma sistemi də quraşdırılıb.
Avtonəqliyyat vasitələrinin hərəkətinin normal tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə 22 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin 4 min kvadratmetr yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Ümumiyyətlə isə 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85,6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.