CƏMİYYƏT
Ramana qəsəbəsində qətl törətmiş şəxs polisə təslim olub
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 16-da saat 18 radələrində Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılmış soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun cəsədi aşkarlanıb.
Rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Bakı Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, dekabrın 17-də əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Fehruz oğlu Sabunçu Rayon Polis İdarəsinə könüllü gələrək Ə.Seyidovu öldürdüyünü etiraf edib və o, şübhəli şəxs qismində tutulub.
İstintaqla müəyyən edilib ki, H.Səmədov cari il dekabrın 10-da tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı H.Səmədov dəmir boru ilə Ə.Seyidovun sifət və boyun nahiyələrinə xəsarət yetirərək qəsdən öldürüb, sonra isə onun başına selofan torba keçirib boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb cəsədi evdə olan soyuducunun içərisinə yerləşdirərək, “QAZel” markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.