CƏMİYYƏT


Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib VİDEO

Müqəddəs Ramazan ayı mayın 27-də başlayır

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi təqdirəlayiq haldır. Bu qərarlar Azərbaycanda dini tolerantlığın dövlət siyasəti olmasını bir daha təsdiq etdi. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlətimizin başçısının “İslam Həmrəyliyi İli” ideyası yalnız İslam dünyası daxilində deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir. Növbəti İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür.

Sonra ölkəmizdə dini-sosial dəyərlərin qorunması və təşviqi, dövlət-din münasibətlərinin daha da möhkəmləndirilməsində fəaliyyətlərinə görə Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyevə, Ağdam rayon Cümə məscidinin axundu hacı Barat Bağırova, Tərtər rayon Cümə məscidinin axundu Sadiq Cəfərova və Beyləqan rayon “Cərcis Peyğəmbər” ziyarətgahının axundu Mirsəccad İmranova mükafatlar təqdim olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkəmizdə dini radikalizmlə mübarizə sahəsində xeyli irəliləyişə nail olunduğunu bildirib. Lakin bu sahədə hələ də bəzi çatışmazlıqların mövcud olduğunu deyən komitə sədri həmin problemlərin aradan qaldırılması yollarından danışıb.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov ölkəmizdə elmin bu sahəsi üzrə görülən işlərdən danışıb, qazanılan nailiyyətlərə toxunub.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar fətvası oxunub.

Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 2017-ci il mayın 27-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq. Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub. Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-Taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – Quranı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Fətvada deyilir: “Əminik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan təqvimin təbliği və yayılmasına nəzarət edəcəklər”.

Bildirilir ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcək. Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır. Bu ehtiramlı münasibət, habelə 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması dindarlar tərəfindən minnətdarlıqla qarşılanır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arasında fitrə zəkatının verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xatırladır ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.

“Duaların qəbul olunduğu mübarək Ramazan ayında biz müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-Taaladan xeyir-dualar diləyirik. Duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü bərqərar etsin, gələn Ramazan iftarlarımızı doğma Qarabağda açmağı nəsib etsin. Qayıdışımızın rəmzi olan Cocuq Mərcanlı məscidinin minarələrindən ucalacaq azan böyük zəfərimizin müjdəsi olsun, inşallah!

Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!”, - deyə fətvada bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.