REGİONLAR
Ramazan bayramı ilə əlaqədar Tovuzda ön cəbhədə əsgərlərlə görüş keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayeva, TUSİAB-ın nümayəndələri Ramazan bayramı münasibətilə Tovuz rayonunda ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər.
Görüşdə çıxış edən Q.Paşayeva bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. O gün uzaqda deyil və biz Ali Baş Komandanımızın rəhbərliyi ilə ərazilərimizi tezliklə işğaldan azad edəcəyik, bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada və işğal altındakı digər bölgələrimizdə qeyd edək.
TUSİAB-ın sədri Cəlil Polad ön cəbhədə hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu deyib. O, bu cür görüşlərin keçirilməsinin önəmli olduğunu qeyd edib.
Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib.
Görüşdə Cəlil Polada əsgər və zabitlərimiz adından Azərbaycan əsgərinin hərbi forması hədiyyə edilib. Formanı geyinən TUSİAB-ın sədri bunun həyatında aldığı ən gözəl hədiyyə olduğunu bildirib. O, Azərbaycan əsgərinin formasını geyinməkdən böyük şərəf duyduğunu vurğulayıb.
Milli Məclisin deputatı əsgərlərə Azərbaycan tarixi ilə bağlı kitablar hədiyyə edib.
Hərbi hissənin rəhbərliyi çıxış edərək belə görüşlərin əsgər və zabitlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. Əsgər və zabitlərin Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqları qeyd edilib, düşmən üzərində tam qələbənin uzaqda olmadığı vurğulanıb.