REGİONLAR


Ramazan bayramı münasibətilə Tovuzda müəllim və şagirdlərlə görüş keçirilib

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) rəsmiləri ilə birlikdə Ramazan bayramı münasibətilə Tovuzun Düz Qırıqlı kəndində müəllim və şagirdlərlə görüşüblər.

Görüş zamanı deputat Qənirə Paşayeva və TUSİAB-ın üzvləri Ramazanın mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq müəllimlərə Allahdan bütün dualarına çatmalarını diləyib, onların qayğı və problemləri ilə maraqlanıblar. Cəbhə rayonu olan Tovuzun kəndlərində müəllimləri Ramazan bayramı münasibətilə TUSİAB-a və qurumun rəhbərliyinə təşəkkürünü bildirən Qənirə Paşayeva belə görüşlərin çox önəmli olduğunu vurğulayıb. Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərin rolunu xüsusi vurğulayaraq qeyd edib ki, gənc nəsil belə müəllimlərimizdən örnək götürməlidir.

Kənd məktəbinin direktoru Xatirə Xasıyeva məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib.

Düz Qırıqlı kənd orta məktəbinin yüksək səviyyədə təmir edilməsindən danışan deputat deyib: “Əziz müəllimlərimiz, sizin və bizim bu istiqamətdə müraciətlərimizi nəzərə alan Prezident İlham Əliyevə bir daha təşəkkür edirik. İnanırıq ki, yaradılmış bu yüksək səviyyəli şərait məktəbdə təhsilin daha da yüksəlməsinə müsbət təsirini göstərəcək.”

Görüş zamanı Q.Paşayeva gənclərin mütləq peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. O bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir gənc orta məktəbdə tariximizi, ədəbiyyatımızı yaxşı öyrənməlidir.

“Gənc nəslin nümayəndələri arasında zərərli vərdişlərə - narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin sayının artması hamımızı ciddi narahat etməlidir. Ona görə bu məsələdə ailələrlə bərabər, məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür”,-deyə millət vəkili vurğulayıb.

Sonra Q.Paşayeva müəllimlərə, məktəbin kollektivinə və kitabxanasına kitablar hədiyyə edib.

TUSİAB-ın sədri Cəlil Polat və təşkilat rəsmiləri bütün müəllimləri və məktəb kollektivini təbrik edib, bu görüşdən böyük məmnunluq duyduqlarını bildiriblər.

Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Cəlil Polat və təşkilat üzvləri TUSİAB adından müəllimlərə və məktəbin kollektivinə hədiyyələr təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.