REGİONLAR
Ramazan bayramı münasibətilə cəbhə bölgəsində yaşayan sakinlərlə görüş keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
TUSİAB-ın nümayəndələri Milli Məclisin deputatı Qənirə Paşayeva ilə birlikdə Ramazan bayramı ərəfəsində Tovuz rayonunun Əlibəyli kəndində yaşayan sakinlərlə görüşüblər.
Görüşdə deputat Qənirə Paşayeva və TUSİAB –ın sədri Cəlil Polad Ramazanın paylaşma, dəstək ayı olduğunu vurğulayaraq sakinlərə Allahdan dualarının qəbul edilməsini diləyiblər. Bayram münasibətilə ön cəbhədə yaşayan kənd sakinlərini təbrik edən TUSİAB-a və onun rəhbərliyinə təşəkkürünü bildirən Milli Məclisin deputatı cəbhə bölgəsində yaşayan sakinlərə dəstək göstərilməsinin önəmini qeyd edib. Ön cəbhədə yaşayan insanların fədakarlıqlarından, Vətən və torpaq sevgisindən danışan deputat dövlətimizin onları daim xüsusi diqqətdə saxladığını deyib.
Sakinlərlə söhbət zamanı Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı yaxşı öyrənməlidir.
TUSİAB-ın sədri Cəlil Polad ön cəbhədə yaşayan bütün sakinləri təbrik edib, belə görüşlərin onda böyük məmnunluq doğurduğunu deyib. O,
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin gündən-günə möhkəmləndiyini vurğulayıb.
Sakinlərə TUSİAB adından bayram hədiyyələri təqdim edilib.