SİYASƏT


Ramil Həsənov: Türk Şurası yaxın vaxtlarda BMT yanında müşahidəçi statusu ala bilər VİDEO

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Avqustun 23-də Türk Şurasının fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurumun baş katibi Ramil Həsənov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb. O bildirib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) üç ildir BMT yanında müşahidəçi statusunu almaq üçün müraciət edib. Təəssüf ki, bir neçə ölkə altıncı komitədə Türk Şurasının üzvlüyünə etiraz etdiyi üçün bu, baş tutmayıb. Ümid edirik ki, yaxın aylarda bu məsələ həllini tapacaq.

R.Həsənov, həmçinin məlumat verib ki, sentyabrın 20-25-də Türk Şurası BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü təşkil edəcək. Dörd ölkənin xarici işlər naziri artıq iştirakını təsdiqləyib. Bundan başqa, Bişkekdə Türk Şurasının sammiti keçiriləcək. Sammitin əsas müzakirə mövzuları gənclərlə iş, terrorizmə qarşı birgə mübarizə olacaq. Tədbirdə Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Türk Şurası qardaş ölkəyə açıq dəstəyini bəyan edəcək. Eyni zamanda, Türk Şurasına üzv ölkələrin beynəlxalq təşkilatlarla birgə fəaliyyətinə dair məsələlər müzakirə ediləcək.

Türkdilli ölkələrin dövlət başçılarının altıncı zirvə görüşünün bu il Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunacağını bildirən R.Həsənov yeddinci sammitin 2017-ci ildə Bakıda keçiriləcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan R.Həsənov bildirib ki, Türk Şurasına üzv ölkələr bu münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. BMT-nin qətnamələrində də bu torpaqları işğal olunan ərazilər kimi qeyd edilir. Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır və münaqişə Helsinki Yekun Aktında göstərilən müddəalar əsasında həllini tapmalıdır.

Ramil Həsənov Türkdilli ölkələrin tarixinə dair ümumi dərslik üzərində işin başa çatdırıldığını bildirərək deyib: “Oktyabrda təhsil nazirlərinin görüşündə bu dərslik təsdiqlənsə, Bişkek sammitində prezidentlərə təqdim olunacaq”.

Türkdilli ölkələrin ortaq televiziyasının yaradılması istiqamətində işlərin davam etdiyini bildirən R.Həsənov bu televiziyanın “İnternational Turkish News Channel” adlandırılacağını deyib. O qeyd edib ki, televiziyanın verilişləri altı dildə yayımlanacaq. Telekanalın mərkəzi ofisi Azərbaycan, Türkiyə və ya Qazaxıstanda yerləşə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.