İQTİSADİYYAT


Ramil Hüseyn: Prezidentin son Sərəncamı ipəkçiliyin inkişafında mühüm rol oynayacaq və xaricdən asılılığı azaldacaq

Bakı, 20 may, AZƏRTAC 

Azərbaycanda ipəkçiliyin potensial imkanlarından səmərəli istifadə etmək və bu sahənin rəqabət qabiliyyətini artırmaq yönündə ardıcıl tədbirlər görülür. Azərbaycan Prezidentinin 2017-ci il 19 may tarixli “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı da bu məqsədə xidmət edir. Bu Sərəncama əsasən Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.

Sözügedən Sərəncamda qoyulan məsələləri AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn bildirib ki, son 2 ildə ipəkçiliyin inkişafı ilə bağlı kompleks tədbirlər görülüb: “Prezidentin 16 noyabr 2016-cı il tarixli Sərəncamı ilə barama toxumlarının alınmasına 163 min manat, tut tinglərinin alınmasına 600 min manat vəsait ayırıb. Bu vəsait hesabına tədarük olunan barama toxumlarının, tut tinglərinin məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılıb. Nazirlər Kabinetinin qərarına əsasən isə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 manat müəyyənləşdirilib. Məhz görülən tədbirlər nəticəsində bu sahədə inkişaf başlayıb. Belə ki, 2015-ci ildə Azərbaycanda 200 kiloqram barama tədarük edildiyi halda 2016-cı ildə bu rəqəm 70 tona çatıb. 2017-ci ildə isə 100 ton barama istehsal olunacağı gözlənilir. Prezidentin son Sərəncamı ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün 4,5 milyon manat ayrılması da ipəkçiliyin inkişafına xidmət edəcək.

Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 6 min qutu barama toxumu tədarük edilərək, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Daha sonra isə burada barama qurdları əldə edilərək 31 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılıb. Yəni Qax Damazlıq İpəkçilik Stansiyası ölkədə ipəkçiliyin inkişafında mühüm rola malikdir və onun bərpası üçün addımların atılması növbəti illərdə barama toxumu ilə bağlı xaricdən asılılığı azaldacaq”.

Qeyd edək ki, bu Sərəncam “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 2015-ci il ilə müqayisədə 2020-ci ildə barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması hədəfinə nail olunmasına töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.