İDMAN
Ramilə Kaştayeva: “Baku-2017”də güclü idmançılar mübarizə aparırlar
Bakı, 14 may, AZƏRTAC
Əsas məqsədim 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Amma əvvəlcə bu ilin avqustunda keçiriləcək qitə çempionatına, ondan sonra Qran–Pri turnirlərinə və gələn il təşkil ediləcək dünya çempionatına hazırlaşacağam.
Bunu IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarında 70 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Ramilə Kaştayeva AZƏRTAC-a müsahibəsində deyib.
Dünya və Avropa çempionatlarının mükafatçısı IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsindən məmnunluqla bəhs edərək deyib: “Bu, Oyunlarda ilk yarışım olduğundan böyük məsuliyyət hiss edirəm. Ancaq yarışlara qədər ciddi hazırlıq keçdiyim üçün mənə inananların etimadını doğrulda bildim. IV İslam Həmrəyliyi Oyunlarında Özbəkistan, Türkiyə, Əlcəzair və digər müsəlman ölkələrindən güclü idmançılar yarışırlar. Mənim ilk rəqibim Özbəkistan təmsilçisi Olimpiya Oyunlarının mükafatçısı idi. Çox sevinirəm ki, belə güclü rəqiblərin mübarizə apardığı yarışda qalib gələrək Azərbaycana qızıl medal qazandıra bildim”.