İQTİSADİYYAT


Ramiz Həsənov: Keyfiyyət infrastrukturu sahələrinin inkişafında Avropa təcrübəsindən istifadə olunur

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan və Almaniya arasında hər sahədə uğurlu əməkdaşlıq əlaqələri olduğu kimi, keyfiyyət infrastrukturu sahələrinin inkişafında da Avropa, xüsusilə Almaniya təcrübəsindən istifadə olunur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər sentyabrın 21-də komitə sədri Ramiz Həsənovla Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrabla görüşündə səsləndirilib.

Komitə sədri Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.

R.Həsənov xatırladıb ki, Azərbaycan hələ 2008-ci ildən keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın tətbiqinə başlayıb.

Belə ki, Almaniyanın da fəal iştirak etdiyi “Tvinninq” layihəsinin icrası nəticəsində ölkəmizdə 3 adda dövlət etalonu laboratoriyası qurulub. Bu işdə Almaniya Metrologiya İnstitutu (PTB) ilə əməkdaşlığı xüsusilə vurğulayan sədr hazırda icrasına başlanan Avropa İttifaqı yeni “Tvinninq” layihəsində də PTB-nin iştirak etdiyini, qurumun ölkəmizin dövlət etalonlarının beynəlxalq səviyyədə tanınmasına dəstək verdiyini qeyd edib.

Bundan başqa, Almaniyanın Akkreditasiya Qurumu (DakkS) ilə qarşılıqlı əməkdaşlığın Azərbaycan sənayesi üçün faydalı olduğunu deyən Ramiz Həsənov əlavə edib ki, komitənin sınaq laboratoriyasının DakkS tərəfindən akkreditasiya olunması ilə yerli məhsulların Avropa bazarlarına çıxışı imkanları genişlənib. Hazırda ölkəmizin texniki tənzimləmə, standartlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində Almaniya Standartlaşdırma İnstitutu (DİN) və patent sahəsi üzrə milli orqanla daha sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edən komitə sədri Azərbaycana göstərdikləri diqqətə görə səfirə minnətdarlıq edib.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab Azərbaycanda sənayenin inkişafı, qeyri-neft sektorunun sənayedə payının artırılması istiqamətində atılan dövlət tədbirlərini yüksək qiymətləndirib. Azərbaycanda keyfiyyət infrastrukturu sahələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent sahələrinə verilən diqqətin iqtisadiyyatın şaxələndirilməsində, yerli sənayenin inkişafındakı əhəmiyyətini xüsusi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.