ELM VƏ TƏHSİL
Rasim Əliquliyev: Elmi tədqiqatların aparılmasında internetdən səmərəli istifadə edilməlidir
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi fəaliyyətinin gücləndirilməsi üçün kompleks tədbirlər görülməli, elmi tədqiqatların aparılmasında internetdən səmərəli istifadə edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu institutun direktoru, akademik Rasim Əliquliyev elmi şuranın növbəti iclasında deyib.
R.Əliquliyev elmi fəaliyyətdə proqramlaşdırma texnologiyalarının tətbiqi, proqram mühəndisliyi istiqamətində araşdırmaların dərinləşdirilməsi, institut əməkdaşlarının beynəlxalq proqramlarda və qrant layihələrdə iştirakı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini tövsiyə edib.
Tədbirdə, həmçinin institutun struktur bölmələrinin 2017-ci il üçün yarımillik hesabatlarının keçirilməsi, qurumun magistrantlarının 2016-2017-ci tədris ili üzrə fəaliyyətləri və digər məsələlərə dair məlumatlar verilib.
Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.