CƏMİYYƏT
Rasion müxtəlifliyi piylənməyə səbəb olur
Bakı, 28 fevral, AZƏRTAC
Mütəxəssislər siçanlar üzərində təcrübə aparıblar və müəyyən ediblər ki, çoxçeşidli qida məhsulları piylənmənin inkişaf riskini artırır. Alimlərin təcrübə ilə bağlı hesabatı “Endocrinology” jurnalında dərc olunub.
Tədqiqatçılar sınaqlarını üç qrup siçan üzərində aparıblar. Birinci qrupa yağlılığı yüksək, ikincisinə az, üçüncüsünə isə hər iki kateqoriyadan olan yem veriblər. Əldə olunan nəticələr piylənmənin daha çox üçüncü qrup gəmiricilərdə müşahidə edildiyini göstərib.
Alimlər güman edirlər ki, təcrübənin nəticələri insanlara da aid oluna bilər. İnsan eyni vaxtda müxtəlif, yəni yağlılığı yüksək və zəif olan ərzaq məhsullarından istifadə edirsə, orqanizmin ümumi yağ qəbulu rasionun yağlı yeməklə məhdudlaşdığı haldan yüksək olacaq. Adamlar menyunu müxtəlifləşdirməyə və ona çoxlu sayda ərzaq əlavə etməyə can atırlar ki, bu da qida qəbulunun ümumi miqdarının artmasına səbəb olur.