İDMAN
Rauf Məmmədov: “Ən çox çəkindiyim rəqib Hou Yifandır”
Şəmkir, 27 may, Samirə Allahverdiyeva, AZƏRTAC
“Synergy Group”un dəstəyi ilə keçirilən “Shamkir Chess 2016” turnirinin ilk turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giri ilə xalları yarı bölüb.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra Rauf Məmmədov partiya haqda bunları deyib: "Giri ilə bir sıra turnirlərdə qarşılaşmışıq. Debütdən sonra fərqli mövqelərimiz oldu. Şəmkirdə zəif rəqib yoxdur. Ona görə püşkdən danışmaq düzgün olmaz. Sözün düzü, mənim üçün burada ən çətin rəqib Hou Yifandır. Doqquzuncu turda onunla qarşılaşmalıyıq. Necə olacağını deyə bilmərəm. Zərif cinsin nümayəndələrinə qarşı mübarizə aparmaq çətindir. Məhz buna görə 9-cu turdakı görüşü indidən düşünürəm."
Aniş Giri də qazandığı yarım xaldan razı olduğunu deyib: "Oyun normal getdi. Startda risk etmək istəmirdik. Adətən qələbə və məğlubiyyətlər startdan çox asılıdır. Çox sevinirəm ki, bu turnirdə mübarizə aparıram. Şəmkirdə olmaqdan məmnunam. Mənim üçün uğursuz rəqib özüməm. Daha doğrusu uğursuz rəqib yoxdur, uğursuz gün var. Ola bilər ki, əhvalım pis olsun və həmin gün mənim ən zəif şahmatçıya qarşı oyunum alınmasın. Digər tərəfdən, əhvalım yaxşı olsa, istənilən rəqiblə mübarizə aparmağa qadirəm".