İDMAN
Rauf Məmmədov: Bakı Şahmat Olimpiadasında yaradılan şəraiti heç bir yarışda görməmişəm
Bakı, 10 sentyabr, AZƏRTAC
Bakıda keçirilən 42-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Rauf Məmmədov Olimpiadanın mətbuat xidmətinə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında komandamızın çıxışını necə dəyərləndirmək olar?
- İlk dörd turdakı çıxışımız çox uğurlu oldu. Beşinci turda Hindistana qarşı oyunumuz çətin alındı. İlk dörd turda maksimum nəticə göstərsək də, təəssüf ki, Hindistan ilə görüşdə məğlubiyyətdən qaçmaq mümkün olmadı.
- Yəqin ki, Hindistana uduzacağınızı gözləmirdiniz?
- Xeyr, bu məğlubiyyət bizim üçün sürpriz oldu. Oyunda 1:3 hesabı ilə uduzacağımızı gözləmirdik. Amma qeyd etmək lazımdır ki, Hindistan yığması bu turnirdə çox güclü çıxış edir, inanılmaz oyun sərgiləyir. Vişvanatan Anand heyətdə yer almasa da, komandanın gənc üzvləri özlərini çox yaxşı göstərirlər. Turnirdən əvvəl heç kim Hindistan yığmasından belə oyun gözləmirdi. Pentala Harikrişna Şəhriyar Məmmədyarova qarşı inanılmaz oynadı.
- Halbuki partiyanın əvvəlində Şəhriyarın rəqibdən üstün olduğu görünürdü.
- Bəli, Şəhriyar əvvəldən üstün idi. Amma Harikrişna inanılmaz oyun sərgiləyərək qələbə qazandı.
- Belə fikirlər səslənir ki, Şəhriyarın top-fil dəyişməsi qeyri-münasib idi və bu, məğlubiyyətdə böyük rol oynadı.
- Şəhriyar başa düşürdü ki, qəliz vəziyyətdədir. Yəqin başqa gediş olmadığını düşünüb. Həqiqətən də çətin vəziyyətlə üzləşmişdi. O anda yalnız kompyuter vasitəsilə gediş tapmaq olardı.
- Şəhriyar Məmmədyarov bu il Şəmkirdə də Pentala Harikrişnaya uduzmuşdu. Lakin sonda şahmatçımız çempion oldu. Sizcə, eyni ssenari bu dəfə də təkrarlana bilər?
- Həqiqətən də belə olmuşdu. İnanırıq ki, Şəhriyarın məğlubiyyəti düşərli olacaq. Eyni nəticənin təkrarlanması hər birimizin arzusudur.
- Hindistanın çıxışını qeyd etdiniz. Başqa hansı komandanın oyunu ilk sizi yaxşı mənada təəccübləndirib?
- Ukraynanı qeyd etmək olar. Son dərəcə inamlı təsir bağışlayırlar. Artıq Rusiya və Çini məğlub ediblər. Bir qələbə də qazansalar medal qazanmaq şansını xeyli artıracaqlar.
- Hindistan ilə görüşdə alınan məğlubiyyətdən sonra heyətdə dəyişiklik ediləcəyi gözlənilirdi. Lakin siz bu gün də istirahət edirsiniz...
- Hindistana məğlubiyyətdən sonra istirahət günü idi. Bəlkə də heyətdə dəyişiklik olmaması bundan irəli gəlir. Həm də Eltac Səfərli hələ də ağ fiqurlarla oynamamışdı. Seçim kapitanındır və onun qərarına hörmətlə yanaşıram.
- Məğlubiyyətin istirahət günündən öncəyə təsadüf etməsi komandamızın xeyrinə oldu?
- Həqiqətən də çox yaxşı oldu. Çünki Tromsedə 7-ci turda Çinə uduzduq. Növbəti gün gözlənilmədən Rumıniya ilə heç-heçəyə razılaşdıq. Ona görə də istirahət günündən öncə uduzmaq sonra məğlub olmaqdan daha yaxşıdır.
- Olimpiadanın Bakıda keçirilməsi üzərinizdə əlavə təzyiq yaradırmı?
- Öz adımdan deyə bilərəm ki, hər hansı təzyiq yoxdur. Əksinə, bu, çox yaxşı motivasiyadır. Artıq 7-ci olimpiadada iştirak edirəm. Həmişə arzulamışdım ki, ölkəmiz Olimpiadaya ev sahibliyi etsin. Vətəndə hər kəs səni dəstəkləyir, hörmətlə yanaşır. Mənim üçün evdə oynamaq çox xoşdur. Üstəlik, Olimpiadanın səviyyəsi çox yüksəkdir. Komandalar ən yüksək səviyyəli otellərdə qalırlar, təşkilatçılıq mükəmməldir. Mən bu cür şəraiti heç bir Olimpiadada görməmişəm.