İDMAN
Rauf Məmmədov: Şəhriyar Məmmədyarovla oyunda sadəcə bəxtim gətirdi
Şəmkir, 24 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2015" turnirində VII turun bir görüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Synergy Groupun təşkil etdiyi yarışın hesabat turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun duelində heç-heçə qeydə alınıb.
Partiyadan sonra Məmmədov bəxtinin gətirdiyini deyib: "Şəhriyar güclü rəqibdir. Turnirin digər şahmatçıları kimi, ona qarşı da oynamaq çətindir. Klassik şahmatda sonuncu dəfə 10 il əvvəl rəqib olmuşuq. O zaman Dubay turnirində qara fiqurlarla onunla heç-heçə oynamışdım. Şəhriyarı çox yaxşı tanıyıram. O, iki dəfə iddiaçılar turnirində iştirak edib. Hər iki turnirdə onun komandasında yer almışam. Etiraf edim ki, bu dəfə bəxtim gətirdi. Şəhriyar çox yaxşı başladı. Debütdən sonra vəziyyətim pisləşdi. Bununla belə, böyük çətinliklə olsa da, vəziyyətdən çıxdım. Heç-heçə yaxşı nəticədir. Çünki qaralarla oynayırdım”.
Rauf Məmmədov qeyd edib ki, turnirin son günü dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.