SİYASƏT
Raul Loueri Kontreras: “Eyni vaxtda həm müharibə tərəfdarı, həm də onun əleyhinə olmaq mümkündürmü? Bunu erməni lobbisindən soruşun”
Vaşinqton, 8 sentyabr, AZƏRTAC
Amerikada çıxan “The Daily Caller” nəşrində siyasi icmalçı və yaxın vaxtlarda çapdan çıxmış “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Eyni vaxtda həm müharibə tərəfdarı, həm də onun əleyhinə olmaq mümkündürmü? Bunu erməni lobbisindən soruşun” sərlövhəli məqaləsi dərc edilib.
Kontreras öz məqaləsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistan və Azərbaycan prezidentlərinin 2016-cı ildə Sankt-Peterburqda və Vyanada görüşləri, habelə ATƏT-in Minsk qrupunun bu münaqişənin tənzimlənməsinə yönəlmiş səyləri barədə söhbət açır.
Müəllif yazır ki, 1988-ci ildən 1994-cü ilə qədər davam etmiş Qarabağ müharibəsi atəşkəs rejimi barədə razılaşma, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və Xankəndində indiyə qədər heç bir dövlət tərəfindən tanınmamış oyuncaq rejim yaradılması ilə nəticələnib.
Kontreras qeyd edir ki, sülhün bərqərar olmasına yönəlmiş səylərə “Amerika Milli Erməni Komitəsi” (AMEK) adlanan erməni lobbi təşkilatı mane olur. Çox böyük maliyyə resurslarına malik olan AMEK əvvəllər ATƏT-in səylərini dəstəkləyirdi, indi isə o, Minsk qrupunun bu münaqişənin tənzimlənməsinə yönəlmiş səylərinə əngəl törədir. Kontreras yazır ki, “OpenSecrets.org” saytında dərc edilmiş məlumatlara görə, AMEK ABŞ Nümayəndələr Palatasının və Senatın üzvlərinə, habelə Ağ Evlə iş üçün siyasi və maliyyə resursları ilə kömək edir, bir neçə həftə bundan əvvəl isə o, ATƏT tərəfindən təklif edilmiş və Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan “Madrid prinsipləri”nin həyata keçirilməsinə qarşı kampaniyaya başlayıb. Belə güman etmək olardı ki, bu plan Dağlıq Qarabağda yaşayan ermənilərin həyat şəraitinin yaxşılaşmasına kömək edəcək, lakin “nədənsə” AMEK guya özünün təmsil etdiyi insanlara bunun tam əksini istəyir.
Kontreras məqaləsini sonunda yazır ki, ABŞ Prezidenti, Konqres və ABŞ dövlət katibi bu münaqişənin tənzimlənməsinə töhfə verə bilər. Onlar bu münaqişənin davam etməsi hesabına mövcud olan və pul ianələri hesabına varlanan AMEK-in və erməni lobbisinin digər təşkilatlarının çağırışlarına məhəl qoymamalı və həmin regionda yaşayan, müharibə istəməyən “itirilmiş və müdafiəsiz insanlara” kömək etməlidirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton