SİYASƏT
Rayan Uindzor: Azərbaycan Avropa, Qafqaz və digər regionlar üçün strateji cəhətdən vacib ölkədir
R.Uindzor Azərbaycanı təkcə neft və qaz ölkəsi kimi deyil, zəngin mədəniyyətə malik, səmimi və tolerant xalqı olan ölkə kimi tanıdığını bildirib. O deyib: “Mən Azərbaycanda iki dəfə səfərdə olmuşam. Hər dəfə elə qonaqpərvərlik hiss etmişəm ki, burada daha artıq qalmaq arzusunda olmuşam. Hər zaman yeni investisiyalar və biznes imkanları axtaran sahibkar kimi burada özünün akademik və ya peşəkar potensialını reallaşdırmağı qarşıya məqsəd qoymuş çoxlu gəncləri görmək heyranedicidir”.
R.Uindzor qeyd edib ki, Azərbaycan Avropa, Qafqaz və digər regionlar üçün strateji cəhətdən vacib ölkədir, dünyada enerji məsələsində əsas oyunçudur. Azərbaycanın təcrübəsi, mövqeyi və təbii ehtiyatları ölkə üçün çox yaxşı imkanlar yaradır.
Ölkələrimiz arasında əlaqələrə toxunan R.Uindzor Böyük Britaniyanın tarixən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda maraqlarının olduğunu söyləyib. O deyib ki, hər iki ölkə ikitərəfli əməkdaşlığa böyük önəm verir. Britaniya hökuməti Azərbaycanın zamanla artan əhəmiyyətini təsdiq edir. Ölkələrimizin tərəfdaş ola biləcəyi müxtəlif potensial əməkdaşlıq istiqamətləri var. Azərbaycanda insan kapitalına böyük sərmayə qoyuluşları kimi istiqamətlər üzrə əməkdaşlıq isə daha intensiv olmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən R.Uindzor azərbaycanlılarla bu problem haqqında danışıqlarının olduğunu bildirib. “Lakin Böyük Britaniyaya qayıdarkən bizim xəbər buraxılışlarımızda bu barədə məlumatın çatışmazlığı ilə üzləşdim. Halbuki bu, mühüm məlumatdır və daha çox diqqət tələb edir”,- deyə R.Uindzor bildirib.