CƏMİYYƏT
Rayonlarda erkən nikah hallarının qarşısının alınması məqsədilə layihə həyata keçiriləcək
Bakı, 5 avqust, AZƏRTAC
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihə həyata keçirəcək.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Quba, Xaçmaz, Ağsu və Göyçay rayonlarında müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunacaq. Tədbirlərdə ekspert tərəfindən iştirakçılara məişət zorakılığı, onun əsas səbəb və nəticələri, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, ailə münaqişəsi zəminində qadınlara və uşaqlara qarşı törədilmiş cinayətlərin rəsmi statistikası, erkən nikahların fəsadları barədə məlumat veriləcək. Eyni zamanda, müvafiq qurumların nümayəndələri mövzu üzrə çıxış edəcək və hər rayon üzrə mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaq.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.