REGİONLAR


“Rayyan İntensiv Bağçılıq və Tingçilik” MMC ölkəmizdə intensiv bağçılığın inkişafına öz töhfəsini verir

A+ A

Balakən, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun Qullar kəndində 2012-ci ildə fəaliyyətə başlayan “Rayyan İntensiv Bağçılıq və Tingçilik” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) respublikamızda intensiv bağçılığın inkişaf etdirilməsinə, əhalinin ekoloji cəhətdən təmiz meyvə məhsulları ilə təmin olunmasına öz töhfəsini verir. Rayonda yaradılan ilk intensiv bağçılıq təsərrüfatında ABŞ, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Avstraliya və digər ölkələrdən yüksək məhsuldar meyvə tingləri gətirilərək, müasir texnologiyalar əsasında alma, armud, gilas və şaftalı bağları salınıb, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb.

Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Məhəmməd Bazarov AZƏRTAC-ın müxbiri ilə söhbətində Balakəndə intensiv bağçılıq təsərrüfatı yaratmağın onun çoxdankı arzusu olduğunu bildirib. O, bu məqsədlə yerli aqronomlarla məsləhətləşib, xaricdən mütəxəssislər dəvət edərək, tez bar verən bəstəboy, məhsuldar ağac növlərinin yerli iqlim şəraitinə uyğunlaşdırılmasının mümkünlüyü barədə onlardan məsləhətlər alıb. Araşdırmalar nəticəsində Balakən rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin mövcud olduğu qənaətinə gəlinib.

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, üçillik meyvə bağlarının hər hektarından 20-25 ton, beşillik meyvə bağlarının hər hektarından isə 40-45 ton məhsul götürmək mümkündür. Hazırda təsərrüfatın 18 hektar meyvə bağı var. Cari mövsümdə meyvə bağından 150 tona yaxın məhsul götürülüb. İstehsal olunan meyvə satış üçün Rusiya və Gürcüstana, eyni zamanda, respublikamızın daxili bazarlarına göndərilir. Məhsulun uzun müddətə saxlanılması üçün Katex kəndindəki soyuducu anbar kompleksindən də istifadə olunur.

Qeyd edək ki, meyvə bağlarının sahəsinin artırılması məqsədilə cəmiyyətin nəzdində 4 hektar sahədə tinglik təsərrüfatı da yaradılıb. Tinglik sahəsində əkilən yüksək məhsuldar alma növlərindən olan “Qolden delişes smiti” (ABŞ), “Fudji benni soqun” (Yaponiya), “Elize” (Hollandiya), “Rubenola” (Çex), “Djonoqarin morens” (Almaniya) və digər meyvə tinglərinin yerli şəraitə uyğunluğu artıq öz təsdiqini tapıb. Ötən müddət ərzində təsərrüfatda 50 min ədəd müxtəlif növ yüksək keyfiyyətli meyvə tingləri yetişdirilib.

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, müasir texnologiyalar əsasında yetişdirilən bu tinglər yerli iqlim şəraitinə tam uyğunlaşdırılıb. Əkin materiallı hazırlanarkən bağbanların maraqları nəzərə alınıb, müasir becərmə üsulu tətbiq etməklə tinglərdə güclü kök və gövdə sistemi əmələ gətirilib. Belə tinglərdən salınan bağlar birinci-ikinci ilində artıq bar verir.

Təsərrüfatda yetişdirilən meyvə tinglərinin qonşu respublikalara, həmçinin digər xarici ölkələrə ixracı da planlaşdırılır. Bu məqsədlə artıq Rusiya və Qazaxıstanın şirkətləri ilə müqavilələr də bağlanılıb. Gələn ilin əvvəlində tinglərin bu respublikalara ixracına başlanılacaq.

Cəmiyyət, eyni zamanda, respublikamızın digər bölgələrində ən son texnologiyalar əsasında intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına da köməklik göstərir, bu təsərrüfatları məhsuldar meyvə tingləri ilə təmin edir. Sifarişçinin arzusuna uyğun olaraq, bağlar salınarkən İsrailin “Netafin”, Ukraynanın “Jerelo”, Finlandiyanın “Şetelinq” firmalarının istehsal etdiyi suvarma və dayaq sistemlərindən də istifadə olunur. Qeyd edək ki,“Rayyan” MMC-nin köməyi ilə artıq respublikamızın bir çox rayonlarında onlarla hektar sahədə belə bağ təsərrüfatları yaradılıb.

Hazırda “Rayyan İntensiv Bağçılıq və Tingçilik” MMC Rusiyanın Krasnodar vilayətində yerləşən “Sad qiqant”, “Ukraynanın “Çerkovşina İntensiv Bağçılıq Assosiasiyası”, Türkiyənin “Pişkin fidançılıq”, “Saffa tarım”, Finlandiyanın “Şetelinq”, İtaliyanın “Mazzoni” kimi şirkətləri ilə əlaqə quraraq sıx əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.