CƏMİYYƏT
Razılaşdırılmamış aksiya zamanı polis əməkdaşlarına xəsarət yetirən şəxslər saxlanılıb
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 22-də saat 18:00 radələrində Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər.
Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, bununla əlaqədar ictimai qaydanın kobud şəkildə pozulmasının qarşısının alınması məqsədilə həmin əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələri razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət ediblər. Lakin onlar tabeçilik göstərməyib, xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, habelə bir xidməti avtomobilin şüşələrini sındırıblar.
Görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı qətiyyətlə alınıb. Hadisənin fəal iştirakçılarından olan Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıblar.
Xəsarət almış 9 polis əməkdaşından altısına ilkin tibbi yardım göstərilib, üçü isə xəstəxanalara yerləşdirilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.