İDMAN
“Real” Karlo Ançelottini istefaya göndərir
Bakı, 26 may, AZƏRTAC
Madridin “Real” klubunun İtaliyalı baş məşqçisi Karlo Ançelotti öz postunu tərk edir. Bu barədə futbol klubunun prezidenti Florentino Peres məlumat verib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Ançelottinin başçılığı altında “Kral klubu” ötən mövsümdə Çempionlar Liqasını və İspaniya Kubokunu qazansa da, bu dəfə mükafatsız qalıb.
Klubun hər zaman Ançelotti üçün doğma evi olacağını deyən və iki illik əməyinə görə ona təşəkkür edən Peres əla komandalarının olduğunu, gələn həftə isə yeni baş məşqçinin adını elan edəcəklərini vurğulayıb.
“Karlo Ançelottinin istefaya göndərilməsi çox çətin qərar idi. Direktorlar şurası və şəxsən mən ona yüksək etimad göstərirdik. O, klub tarixinə öz adını qızıl hərflərlə yazdırıb. Belə ki, biz onunla tariximizdə onuncu kubokumuzu qazanmışıq. Lakin “Real”ın tələbləri həddən artıq yüksəkdir. Buna görə də komandaya növbəti nailiyyətlər qazandırmağa imkan yaradacaq yeni impuls verməyin vaxtı gəlib”, - deyə Florentino Peres əlavə edib.