İQTİSADİYYAT
“RecExpo II" sərgisində 10 ölkədən 100-ə yaxın tikinti və investisiya layihəsi təqdim olunacaq
Bakı, 20 oktyabr, Elvira Məmmədova, AZƏRTAC
Bakıda keçiriləcək “RecExpo II" sərgisində 10 ölkədən 100-ə yaxın tikinti və investisiya layihələri təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “RecExpo II” – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə bağlı mətbuat konfransında komitənin şöbə müdiri Qulu Xəlilov bildirib.
Qeyd edilib ki, “RecExpo II” sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Sərgi, həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq. Azərbaycan, Türkiyə, Gürcüstan, o cümlədən Avropa, Orta Şərq və digər ölkələrin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı "RecExpo II" sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılarla və dövlət nümayəndələri ilə görüşlərini təmin edəcək. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsətdir.
Sərginin digər təşkilatçıları olan “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin nümayəndələri İlkin Abdiyev və Nihan Hoşben sərgi barədə məlumat veriblər.
Qeyd edilib ki, “RecExpo II” sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır.
Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. Sərgi çərçivəsində noyabrın 23-də “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.
Konfransda iştirakçı siyahısına daşınmaz əmlak sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir.
“RecExpo II” sərgisinin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Təşkilatçılar tərəfindən sərgidə beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır. Belə layihələrin bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır.
Mətbuat konfransında bu beynəlxalq sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb. Belə ki, ƏMDK tərəfindən sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Qeyd olunub ki, sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat alacaqlar.
"RecExpo II" sərgisinin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır.
Qeyd edək ki, "RecExpo II" sərgisi noyabrın 22-24-də Baku Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək.