İQTİSADİYYAT


Recexpo III sərgisində Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri iştirak edəcək

‪Bakı, 21 iyun, Elvira Məmmədova, AZƏRTAC

Noyabrın 23-dən 25-dək Bakı Ekspo Mərkəzində keçiriləcək Recexpo III - Azərbaycan beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinə ötən ildən fərqli olaraq, daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda, onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsi gözlənilir. Belə ki, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri sərgidə iştirak edəcək. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya, İspaniya kimi dövlətlərin nüfuzlu tikinti şirkətləri sərgiyə toplaşacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 21-də Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov sərgiyə hazırlıq işləri ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib. Bildirilib ki, sərgi ƏMDK “Elan Expo” və “Atılım Fuarcılık” şirkətləri ilə birgə təşkil ediləcək.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

Qeyd edilib ki, özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu, ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq.

Komitə tərəfindən də sərgidə öz fəaliyyətini əks etdirən pavilyonlar yaradılacaq. Burada dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elektron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Builki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı pavilyonların yaradılması kimi yeniliklər də nəzərdə tutulur.

Konfransın digər təşkilatçıları olan “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin nümayəndələri Salim Şahin və İlkin Abdiyev sərginin daşınmaz əmlak bazarına yatırılan investisiyanın artırılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər. Qeyd edilib ki, sərgi həm şirkətlər, həm də alıcılar üçün əlverişli platformadır. Sərginin ən cəlbedici cəhətlərindən biri də burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarının olmasıdır. Müxtəlif ölkələrdən iri şirkətlərin cəlb edilməsi əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandıracaq.

ƏMDK-nın şöbə müdiri Yalçın Camalov məlumat verib ki, özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı yaradılacaq pavilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlirgətirmə potensialı və digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək. Sərgidə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital, bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaq.

Bu istiqamətdə Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələr qurulur. Hazırda ƏMDK Azərbaycan Respublikasının BƏƏ-dəki səfirliyi və Dubaydakı konsulluğu vasitəsilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Bununla yanaşı, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.

Sərgi çərçivəsində maliyyə şirkətlərinin, xarici investorların, habelə bütün maraqlı tərəflərin iştirakı ilə “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub.

Qeyd edilib ki, ötən il keçirilən sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukrayna kimi ölkələrdən 30-a yaxın xarici şirkət iştirak edib. Ümumilikdə sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub. Ötən ildən fərqli olaraq bu il baş tutacaq sərginin məkanı daha geniş ərazini əhatə edəcək.

Tədbirdə Recexpo II sərgisini əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.