İDMAN


“Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub YENİLƏNİB 2

Bakı, 25 iyun, Səxavət Quliyev, AZƏRTAC

“Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo iyunun 25-də Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi - Azərbaycan Qran-Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra Formula-1 Azərbaycan Qran-Prisinə start verilib.

Formula-1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparıb. Hər komanda iki pilotla təmsil olunub.

İyunun 24-də keçirilən sıralanma turundan sonra Qran-Prinin start düzülüşü aşağıdakı kimi olub: Luis Hamilton, Valtteri Bottas (hər ikisi "Mercedes"), Kimi Raykkonen, Sebastian Vettel (hər ikisi “Ferrari”), Maks Ferstappen ("Red Bull Racing"), Serxio Peres, Esteban Okon (hər ikisi "Force India"), Lans Strol, Felipe Massa ("Williams"), Daniel Rikkiardo ("Red Bull Racing"), Daniil Kvayt ("Toro Rosso"), Kevin Maqnussen ("Haas"), Niko Hulkenberq ("Renault"), Paskal Verlayn ("Sauber"), Karlos Sains ("Toro Rosso"), Romen Qrojan ("Haas"), Markus Eriksson ("Sauber"), Stoffel Vandorn ("McLaren"), Fernando Alonso ("McLaren") və Colion Palmer ("Renault").

İki saat 3 dəqiqə davam edən yarışda "Red Bull Racing"in pilotu Daniel Rikkiardo bütün rəqiblərini qabaqlayaraq birinci olub. Bununla da "Red Bull Racing" cari çempionatda ilk qələbəsini Bakıda qazanıb.

"Mercedes"in pilotu Valtteri Bottas finiş xəttini ikinci, "Williams"ın sürücüsü Lans Strol isə üçüncü keçiblər.

Formula-1 Azərbaycan Qran-Prisində ən yaxşı dövrənin sahibi “Ferrari”nin pilotu Sebastian Vettelə məxsus olub. O, 47-ci dövrəni saatda 280 kilometr sürətlə 1 dəqiqə 43.441 saniyəyə qət edib.

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Azərbaycan Qran-Prisindən sonra pilotların şəxsi sıralamasında Sebastian Fettel ("Ferrari") 153 xalla liderliyini davam etdirir. Luis Hamilton 139 xalla ikinci, Valtteri Bottas (hər ikisi "Mercedes") 111 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan Qran-Prisinin qalibi Daniel Rikkiardo 92 xalla dördüncü, Kimi Raykonnen ("Ferrari") 73 xalla beşincidir. Karyerasında ilk podyumuna Bakıda çıxan Lans Strol isə 17 xalla onikinci pillədə yer alıb.

“Mercedes” komandası Konstruktorlar Kubokunda siyahıya başçılıq edir. Komandanın hesabında 250 xal var. “Ferrari” 226 xalla ikinci, “Red Bull Racing” isə 137 xalla üçüncü yerdə qərarlaşıb.

Formula-1 üzrə dünya çempionatının doqquzuncu mərhələsi iyulun 7-9-da Avstriyada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.