İDMAN


“Red Bull” şirkəti “Bakı-2017”nin dördüncü rəsmi dəstəkçisi olub

Bakı, 15 mart, AZƏRTAC

“Red Bull” şirkəti IV İslam Həmrəyliyi Oyunları ilə tərəfdaşlıq haqda saziş imzalayaraq “Bakı-2017”nin dördüncü rəsmi dəstəkçisi olub.

AZƏRTAC “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, “Red Bull” Oyunlar ərzində enerji içkilərinin təchizatçısı olmaqla yanaşı, istər yarışlar zamanı, istərsə də Oyunlar ərəfəsində keçirilən tədbirlərdə öz məhsulunu bəzi məkanlarda təqdim edəcək. Enerji içkiləri istehsal edən şirkət seçilmiş arenalarda tamaşaçılar üçün əyləncələr təşkil edəcək ki, buraya məşhur idmançılar və DJ-lərlə görüşlərin təşkili də daxildir. Bununla yanaşı, “Red Bull” Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlərin təşkilini planlaşdırır.

İrimiqyaslı layihələrin təşkili və onların təbliğatı sahəsində böyük təcrübəyə malik olan “Red Bull” IV İslam Həmrəyliyi Oyunlarına da öz töhfəsini verəcək.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin maliyyə və kommersiya departamentinin rəhbəri Tom Varvikin deyib: “Biz şadıq ki, bütün dünyada tanınmış brend olaraq hər kəsin sevimli içkisinə çevrilmiş “Red Bull” IV İslam Həmrəyliyi Oyunlarının da rəsmi dəstəkçisi olacaq. Şirkətin yerli komandasının göstərdiyi ruh yüksəkliyi həm Oyunlaradək, həm də Oyunlar zamanı idmançı və tamaşaçılara yüksək enerji bəxş edəcək. Bu şirkət nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə tədbirlərin təşviqi və təşkil olunmasında təcrübəlidir. Əminəm ki, “Red Bull”un oyunlara qatdığı enerji ilə “Bakı-2017” uğurla başa çatacaq.

“Red Bull”un Azərbaycan üzrə meneceri Rafael Paşayev bu əməkdaşlığın önəmindən danışarkən qeyd edib: “Bakı-2017”nin rəsmi dəstəkçisi olmaqla qürur duyuruq. Əminik ki, ölkəmiz üçün böyük əhəmiyyəti olan bu möhtəşəm tədbir yüksək səviyyədə keçiriləcək. Biz “Red Bull” komandası olaraq, IV İslam Həmrəyliyi Oyunlarının həm tamaşaçılara, həm də idmançılara maraqlı olması üçün əlimizdən gələni etməyə hazırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.