CƏMİYYƏT
İnternet mediasının aktual problemləri ətrafında fikir mübadiləsi aparılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da “İnternet üzərindən yayılan informasiyalara görə etik və hüquqi məsuliyyət” kitabının təqdimatı olub. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “KİV təmsilçilərinin maarifləndirilməsi” layihəsi çərçivəsində nəşr edilib.
AZƏRTAC xəbər verir ki, media üzrə ekspertlər və KİV redaktorlarının iştirakı ilə keçirilən tədbirin təşkilatçısı qismində çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli respublikada bu mövzuda ilk dəfə hazırlanmış vəsait barədə geniş məlumat verdi. Qeyd olundu ki, ölkəmizdə sürətli və aşağı qiymətli internet xidmətinin təşkil edilməsi internet istifadəçilərinin sayının sürətlə artmasını stimullaşdırıb. Lakin bu inkişaf müsbət tendensiyalarla yanaşı, gündəmə ciddi problemlər də gətirib. Belə ki, şəxsi həyatın toxunulmazlığı prinsipindən, təhqir və böhtanın yolverilməzliyindən, dövlət sirri haqqında qanundan xəbərsiz olanlar hüquqi məsuliyyəti nəzərə alınmadan yaydıqları qeyri-dəqiq, əsaslandırılmamış informasiyalarla həm informasiya obyektləri, həm də özləri üçün ciddi problem yaratmış olurlar.
Tədbirdə vurğulandı ki, bu vəsait maarifləndiricilik missiyası ilə yanaşı, qeyd edilən problemlərin aradan qaldırılmasına yardım göstərmək məqsədi daşıyır.
Sonra KİV nümayəndələri və ekspertlər internet mediasının aktual problemləri ətrafında fikir mübadiləsi apardılar.