CƏMİYYƏT
Referendum Aktı layihəsinə dair maarifləndirici toplu dərc edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası üçün Yeni Azərbaycan Partiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu birgə hüquqi maarifləndirmə layihəsini həyata keçirirlər.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə respublikamızın tanınmış hüquqşünaslarından ibarət işçi qrupu yaradılıb, mütəmadi olaraq Konstitusiya Aktı layihəsinin hər bir maddəsini şərh edən məqalələr hazırlanaraq kütləvi informasiya vasitələrində yayılıb. Bir çoxu ölkə mətbuatında dərc olunmuş materiallar əsasında “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin qısa şərhi” adlı toplu işıq üzü görüb. Topluda səsvermə hüququna malik oxuculara referenduma çıxarılan hər bir maddə barədə dolğun məlumat verilir, onun mahiyyəti elmi əsaslarla və anlaşıqlı üslubda izah edilir.
Referendumda iştirak etmək hüququ olan vətəndaşlar, hüquqşünaslar, politoloqlar və bütövlükdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulan toplunun rəyçiləri YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov və Bilik Fondunun icraçı direktoru Oktay Səmədovdur.