REGİONLAR
Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun YAP Laçın rayon şöbəsinin yığıncağı keçirilib
Ağcabədi, 3 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında sentyabrın 26-da keçiriləcək referendum ilə əlaqədar “Yeni Azərbaycan” Təşviqat Qrupunun YAP Laçın rayon şöbəsinin yığıncağı olub.
AZƏRTAC xəbər verir ki, yığıncaqda YAP Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev təbliğat-təşviqat kampaniyası dövründə “Yeni Azərbaycan” Təşviqat Qrupu tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki və təşviqat qrupunda iştirak edəcək məsul şəxslərin siyahısını tədbir iştirakçılarının diqqətinə çatdırıb, qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı hazırlanıb və onlara treninqlər keçirilir. Bundan başqa, dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxslər müəyyən edilib. Rayon ərazisində təbliğat materiallarının asılması və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün gənclərdən ibarət qrup yaradılıb.
Yığıncaqda digər çıxış edənlər görülən işlərlə bağlı fikirlərini bildiriblər.