SİYASƏT
Referendumun şəffaf və qanun çərçivəsində keçirilməsində ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 23-də 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar davam edib.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Cahangir Məmmədov bildirib ki, bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilir. Kurslarda iştirakçılara qarşıdan gələn referenduma hazırlıq, referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili ilə bağlı ətraflı məlumat verilir.
C.Məmmədov 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında ümumxalq səsverməsi ilə bağlı maarifləndirmə proqramından danışıb. Diqqətə çatdırıb ki, referendum ərəfəsində maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminarlar keçirilib. İndi isə bu seminarlar məntəqə seçki komissiyalarının sədrləri və dairə seçki komissiyasının üzvləri üçün təşkil edilir. Bu maarifləndirici seminarların və kursların referendumun şəffaf və qanunamüvafiq keçirilməsi üçün əhəmiyyəti böyükdür. Kurslarda referenduma hazırlığın gedişi haqqında məlumat verilir, Seçki Məcəlləsinin bəzi müddəaları şərh olunur.
Diqqətə çatdırılıb ki, 38 min 726 seçicisi olan dairə seçki komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Referenduma beş gün qalmış əlavə iki hərbi hissədə, Şamama Ələskərova adına Kliniki Doğum Evində, Mərkəzi Kliniki Xəstəxanada, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində müvəqqəti məntəqələrin yaradılması nəzərdə tutulur. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılır. Məntəqələrdən 12-də veb-kamera quraşdırılıb.
Səbail Rayon Polis İdarəsi rəisinin müavini Sadiq Mədətov seçici siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri mövzusunda çıxış edib.
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının katibi Elmar Hüseynov bildirib ki, kurslara seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunublar. Dövlətimizin başçısının tapşırığı və tələbi odur ki, həmişə olduğu kimi ümumxalq səsverməsi yüksək şəffaflıq şəraitində keçsin. Biz də dövlətimizin başçısının etimadını doğrultmağa və tapşırığı lazımi səviyyədə yerinə yetirməyə çalışırıq.
Çıxış edənlər referendumun tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasından söz açıblar. Bildirilib ki, qanunvericiliyə əsasən səsvermə günü məntəqələrdə görülən işin, bu prosesin nəticələrinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.
Avqustun 24-də başa çatacaq kurslarda referendumun keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının vəzifələri, referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin fəaliyyəti məsələlərinə toxunulub, məntəqə seçki komissiyaları sədrlərinin sualları cavablandırılıb.