Region Liqası: Şimal derbisini Qusar futbolçuları qazanıblar
Qusar, 17 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Region Liqasında I turun oyunları çərçivəsində Qusarın “Şahdağ” futbol klubu ilk qələbəsini qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qusarlılar Qubanın eyniadlı komandasına minimal hesabla (1:0) qalib gəlib.
Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçirilən matçın ilk hissəsində qapılara qol vurulmayıb. Hesab matçın 70-ci dəqiqəsində açılıb. Habil Nurəhmədov qarşılaşmanın taleyini həll edən qola imza atıb.
Şimal zonasında digər qarşılaşma Şabranda keçirilib. Bu rayonu təmsil edən “Səhliyalı” komandası Sumqayıtın “Uğur” kollektivi ilə qarşılaşıb. Matç qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.