REGİONLAR
“Region gənclərinin əməkdaşlıq forumu” layihəsi yekunlaşıb
Bakı, 28 iyun, AZƏRTAC
“İrəli” İctimai Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə “Region gənclərinin əməkdaşlıq forumu” layihəsi yekunlaşıb.
“İrəli” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri gənclərə təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Gənclərlə birgə müzakirələr həyata keçirilib və iştirakçıların sualları cavablandırılıb.
Gəncə şəhərindəki “Gənclər evi”ndə keçirilən təqdimatdan sonra iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilib.
Gənclərin praktik bilgilərinin artırılması məqsədilə keçirilən təlimlərdə Eldəniz Əsədov, Niyazi Qasımov və Nigar Ələsgərova təcrübə və biliklərini iştirakçılarla bölüşüblər.
Sonda isə gənclərlə birgə əməkdaşlıq mövzusunda müzakirələr aparılıb. Gənclər öz ideyalarını, istəklərini bildirərək, onların həyata keçirilməsi üçün müəyyən məsləhətlər, biliklər əldə ediblər.
Layihənin əsas məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən gənclər evləri və gənclər mərkəzləri yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq üçün gənclərin birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.