REGİONLAR
Regionlara təşkil olunan tur-aksiyada ağdaşlı məktəblilər də iştirak edir
Ağdaş, 16 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyəsi ilə təşkil olunan “Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiyanın Ağdaş rayonundan olan iştirakçıları martın 16-da Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyətinin və təhsil şöbəsinin rəhbər şəxsləri, valideynlər iştirak ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin təcrübi möhkəmləndirilməsində mühüm rol oynayır.
Mərasimdə çıxış edən təhsil işçiləri və valideynlər gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açıblar. Qeyd edilib ki, artıq dördüncü ildir Ağdaşın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə təşkil edilən maarifləndirici tur-aksiyalarda iştirak edirlər. Bu gündən başlayaraq Ağdaş məktəbliləri cənub rayonlarına 4 günlük səfərə çıxırlar. Şagirdlər Lənkəran, Masallı və Astaranın tarixi abidələri, adət-ənənələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar. Müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikamızda təşkil olunan maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq, məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayıblar.
Ekskursiya qrupunun rəhbəri, rayon icra hakimiyyətinin nümayəndəsi Fədail Abdullayev AZƏRTAC-a müsahibəsində bu maarifləndirici tur aksiyanın maraqlı və yaddaqalan olacağını bildirib: “Şagirdlər gəzinti zamanı maariflənməklə yanaşı, həm istirahət edəcək, həm də rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olacaqlar”.
Çıxışlardan sonra 40 nəfər ağdaşlı şagird musiqi sədaları altında Lənkəran rayonuna yola salınıb. Məktəblilər yüksək təşkilatçılıq qabiliyyətinə malik nəzarətçi müəllimlərlə və həkimlə təmin olunublar.