REGİONLAR
Regionlarda “Multimedia xidmətlərinin inkişafı” layihəsi reallaşdırılır
Bakı, 31 may, AZƏRTAC
Regionlarda “Multimedia xidmətlərinin inkişafı” layihəsi icra olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İB-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində hazırda Abşeron, Sumqayıt, Gəncə, Zaqatala, Tərtər, Göygöl, Ağdam, Bərdə şəhər və rayonlarında ONU avadanlığı qurulur. Yeni texnologiyanın tətbiqi kənd elektron ATS-lərində əlavə olaraq, eyni zamanda, səs, data və video xidmətləri göstərməyə imkan verəcək. Artıq montaj quraşdırma işləri həyata keçirilir və bəzi yerlərdə abunəçilər ONU avadanlığına qoşulub.
On rayonun telekommunikasiya qovşağının xidməti ərazisində reallaşdırılması nəzərdə tutulan “Multimedia xidmətlərinin inkişafı” layihəsi üzrə elektron ATS-lərin tutumlarının artırılması, NGN texnologiyası əsasında yeni avadanlığın alınıb quraşdırılması, optik kabellərin çəkilməsi, xətt şəbəkəsinin tikintisi, eləcə də bütün rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində genişzolaqlı avadanlığın tutumunun artırılması nəzərdə tutulub. Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 45 min nömrə, həmçinin həmin rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 100 min port tutumunun quraşdırılması və istismara verilməsi planlaşdırılır. Kommutasiya avadanlığının istismara və abunəçilərin istifadəsinə verilməsi üçün layihəyə əsasən 254 min metr fiberoptik kabel çəkiləcək və montaj olunacaq, 35 min cüt abunəçi xətti, 63 min metrlik kabel-kanalizasiya qurğuları tikiləcək.