REGİONLAR
Regionlarda “Vətəndaşların müraciətləri haqqında” Qanunla bağlı maarifləndirmə işi aparılır
Bərdə, 19 avqust, AZƏRTAC
“Gənc Politoloqlar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsi çərçivəsində növbəti tədbiri Bərdə rayon Heydər Əliyev Mərkəzində keçirib.
AZƏRTAC xəbər verir ki, “Gənc Politoloqlar Mərkəzi”nin sədri İlkin Əliyev və hüquqşünas-təlimçi Lamiyə Məmmədova tədbirdə layihə haqqında məlumat veriblər. Bildirilib ki, layihənin keçirilməsində məqsəd “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununu regionlarda təbliğ etməklə vətəndaşları qanunda nəzərdə tutulan hüquq və vəzifələri haqqında məlumatlandırmaq, yerli idarəetmədə şəffaflıq və qanunçuluq prinsiplərinə dəstək olmaq üçün onların rolunu gücləndirməkdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni Qanuna müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalar əlavə edilib. Təkmilləşdirilmiş qanun cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətləri əks etdirir, vətəndaşlara daha yüksək qayğını təmin edir, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyənləşdirir.
Sonda tədbir iştirakçılarına maarifləndirici materiallar paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.