CƏMİYYƏT
Regionlarda dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işi davam etdirilir
Bakı, 4 avqust, AZƏRTAC
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə müxtəlif tədbirlər təşkil edilir.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri Biləsuvar şəhər “Cümə” məscidi dini icmasında “İslamda vəhdətin qorunması və təbliği” layihəsi çərçivəsində keçirilib.
Dini icmanın sədri Tarıverən Məmiyev bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, İslamda vəhdətin qorunması və təbliği istiqamətində də tədbirlər həyata keçiriləcək.
Komitənin Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev həyata keçirilən layihənin əhəmiyyətindən danışıb.
Ekspert qismində çıxış edən BDU-nun müəllimi Aqil Şirinov İslamda vəhdətin qorunması yollarından, qeyri-ənənəvi dini cərəyanların vura biləcəyi zərərdən və onlarla mübarizə üsullarından danışaraq qeyd edib ki, bu yolda dindarların üzərinə böyük vəzifələr düşür.
Digər çıxış edənlər İslamda vəhdətin mahiyyəti barədə danışıb, dini icmalara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Növbəti tədbir Biləsuvarın Bəydilli kənd “Cümə” məscidi dini icmasında “Gənclərimizin dini radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində təşkil edilib.
Tədbirdə çıxış edənlər dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və həmin vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliklərini bildiriblər.
Zaqatala rayonu Göyəm kənd “Cümə” məscidi dini icması tərəfindən “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği” layihəsi çərçivəsində keçirilən tədbirdə isə icmanın sədri Niyazi Qarakişiyev layihə barədə məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov Azərbaycan xalqının dini, milli ənənələri və adətləri barədə məlumat verib, bu dəyərlərin qorunması və təbliğinin dini radikalizmlə mübarizədə son dərəcə vacib olduğunu bildirib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan dövlətinin ölkədəki bütün dinlərə mənsub insanlara diqqət və qayğısı, komitənin dini maarifləndirmə sahəsində gördüyü işlər barədə söhbət açıb.