REGİONLAR
Regionlarda gənc təlimçilər klubları yaradılır
Bakı, 5 mart, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Regionlarda gənc təlimçilər klublarının formalaşdırılması” layihəsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Gəncə, Mingəçevir və Ağcabədidə icra olunan layihənin əsas məqsədi regionlarda gənc təlimçilərin şəbəkələşməsinə, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunmasına və təlimçilik bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.
Layihə çərçivəsində müxtəlif idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən gənc təlimçilərin biliklərinin artırılması və bir sıra yeni təlim modullarının hazırlanması istiqamətində iş aparılıb.
Hazırda 3 regionda təlim keçmiş gənc təlimçilərin klublarının formalaşdırılması prosesinə başlanılıb. Müxtəlif sahələr üzrə təlimçilik qabiliyyətinə malik olan gənclərin yaradılacaq klublarda toplanması, onlarla birgə iş aparılması nəzərdə tutulur. Eyni zamanda, həmin regionlarda təlimçilərə yarana biləcək ehtiyacı da məhz bu klubların ödəməsi planlaşdırılır.
Qeyd olunub ki, klublar Mərkəzin adıçəkilən regionlardakı ofislərində fəaliyyət göstərəcək.