CƏMİYYƏT
Regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı 3 dəfə artıb VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
Regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı 3 dəfə artıb. Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlığın amputasiyası və qanaxma ilə bağlı relapatomiya olub.
AZƏRTAC xəbər verir ki, bunu Respublika Perinatal Mərkəzində mətbuat konfransında iştirak edən Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.
Onun sözlərinə görə, əməliyyatların sayının artması son illər regionlardakı tibb müəssisələrinin yüksək səviyyəli təmiri, müasir standartlara uyğun yeni tibb ocaqlarının yaradılması ilə bağlıdır. Artıq regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı gündən-günə azalır. Baş həkim bildirib ki, bu ilin aprelin 1-dən sentyabrın sonuna qədər Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultativ bölməsinin doğuşayardım sahəsi ilə bağlı fəaliyyətində müsbət nəticələr əldə olunub. Bu müddət ərzində stansiyanın konsultativ xidmətin mütəxəssisləri 46 pasiyentə xidmət göstərib. Keçən ilin müvafiq dövründə bu rəqəm 55 olub, bu da pasiyentlərin sayında 17 faiz azalma deməkdir. M.Cəlalov qeyd edib ki, keçən illə müqayisədə bu il çağırışların sayında 10 faiz azalma qeydə alınıb. Ölkənin rayon və şəhər xəstəxanalarına bu il 79, keçən il isə 88 dəfə müxtəlif profilli məsləhətçi həkimlər göndərilib.
Respublika Perinatal Mərkəzin (RPM) direktoru Sevinc Məmmədova diqqətə çatdırıb ki, risk qrupundan olan hamilələrə nəzarət gücləndirilib. Bu qrupa daxil olan hamilələr antenatal qulluğun əsas hədəf nöqtəsidir və onlara vaxtında lazımı səviyyədə tibbi xidmət göstərilsə ana ölümləri hallarının sayı əhəmiyyətli dərəcədə azalar. O qeyd edib ki, bu sahədə tibbi xidmətin təkmilləşdirilməsi ilə bağlı mütəmadi işlər aparılır. Şəhərlərdə, regionlarda antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması istiqamətində mütəmadi işlər görülür. Vahid hamilələr registrinin mövcudluğu hər hansı bir həkimə müraciət edən hamilə barəsində tibbi məlumatı əldə edib, müvafiq yardımın təşkil edilməsində böyük rol oynayır. Eyni zamanda, ölkəmizdə aparılan həkimlərin və orta tibb personalın sertifikasiyası tibb personalının bilik və bacarıqlarının artırılmasına və bununla da göstərdiyi antenatal və doğuşayardım stasionar xidmətinin keyfiyyətini artırmaq imkanlarını yaradıb.