CƏMİYYƏT
Regionlarda insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 7 may, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində “Regionlarda insan alveri sahəsində maarifləndirmə və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbir İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Təhsil Nazirliyi, İnsan Alverinə Qarşı QHT Koalisiyasının təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis kapitanı Rafiq Məmmədov, Mingəçevir Dövlət Universitetinin prorektoru Rövşən Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Qalib Yaqubov, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyinin rəhbəri Mahirə Əmirhüseynova və başqaları tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının təsdiq edildiyi iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin insan alverinin ağır nəticələri, ona qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə məlumat verilib.
Tədbirdə müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarına mövzuya aid bukletlər paylanılıb.