REGİONLAR
Regionlarda internet infrastrukturu yenilənir
Bakı, 11 iyul, AZƏRTAC
Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün yeni layihəyə start verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti “aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədilə yeni layihəyə start verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Sumqayıt şəhəri, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıqlar quraşdırılır.
Hazırda respublikanın 34 regionu üzrə işlər aparılır.
Qeyd edək ki, yeni avadanlıqların quraşdırılması ilə əlaqədar internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər. Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.