CƏMİYYƏT
Regionlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirlərinə yekun vurulub
Bakı, 20 iyul, AZƏRTAC
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə həyata keçirir.
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi regionlarda məişət zorakılığı və erkən nikah hallarının başvermə səbəbləri, onların fəsadları, buna qarşı mübarizə yolları, milli və beynəlxalq hüquqi aktlarda, BMT-nin “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında” Bəyannaməsində, habelə digər mühüm əhəmiyyət kəsb edən sənədlərdə təsbit olunmuş müddəalarla bağlı ictimai maarifləndirmə tədbirləri keçirilməsini təşkil etməkdir.
Layihənin icrası məqsədilə Kürdəmir, Ucar, Masallı və Cəlilabad rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib. Bu tədbirlərdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının qorunmasının dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, o cümlədən gender bərabərliyinə böyük önəm verildiyini bildirib. Həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsası qoyulub və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan Respublikası qadın hüquqlarının müdafiəsi üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılıb.
S.Qəhrəmanova əhali arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarının qarşısının alınmasının zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında danışıb, bu işin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək yerli şəraitə uyğunlaşdırılmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyəti qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsi vacibdir. Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə üsulları barədə məlumat verilib.
Layihənin eksperti Vəsilə Möhsümova ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Tədbirlərdə rayon icra hakimiyyətləri başçısının müavinləri və nümayəndələri çıxış edərək, son illər rayonlarda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verib.
Çıxışlarda ailə dəyərlərinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, qorunub saxlandığı bildirilib və bu dəyərlərin yad təsirlərdən qorunmasının zəruriliyi vurğulanıb. Xüsusilə məişət zorakılığının qadın və uşaqlar arasında törətdiyi fəsadların əslində milli-mənəvi dəyərlərimizə yad olduğu diqqətə çatdırılıb.
Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə fikir mübadiləsi aparılıb və bir sıra təkliflər səsləndirilib.