CƏMİYYƏT


Regionlarda qeydiyyatda olan avtomobillərin Bakıya girişinə nəzarət gücləndirilib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Respublikanın regionlarında qeydiyyatda olan avtomobillərin paytaxta girişinə nəzarət gücləndirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötənilki qərarına əsasən, respublikanın digər regionlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişi ilə bağlı məhdudiyyət davam edir. Məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabrın 15-dən daha da gücləndirilib.

Bunu nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxta gəlmək istəyən digər şəhər və rayon sakinlərinə bir daha tövsiyə edir ki, paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə ötən il sentyabrın 15-dən Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyətə başlamış sürətli elektrik qatarlarından istifadə etməyə davam etsinlər.

Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri üçün şəhərin giriş hissələrində 2015-ci ilin sentyabrından hazırlanaraq istifadəyə verilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş mühafizə edilən ödənişsiz dayanacaqlar yaradılıb. Sakinlər həmin duracaqlarda avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.

Tətbiq edilən məhdudiyyət hər il mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə saat 07:30-dan saat 20:00-dək qüvvədədir.

İdarə yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də rahat və fasiləsiz hərəkətin təmin edilməsi üçün tətbiq olunan məhdudiyyətə ciddi riayət olunmasını xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.