MƏDƏNİYYƏT
Regionlardakı Heydər Əliyev mərkəzlərinin rəhbərləri Azərbaycan Xalça Muzeyində olublar
Bakı, 5 sentyabr, AZƏRTAC
Regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları sentyabrın 5-də Azərbaycan Xalça Muzeyində təlim–tədris dərsləri keçiblər. Dərslər, iş təcrübəsinin artırılması məqsədilə Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunub.
Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva Hacıqabul, Tərtər, Zərdab, Bərdə, Siyəzən, Qobustan, Biləsuvar, Yevlax, Balakən və Mingəçevirdəki Heydər Əliyev mərkəzlərinin rəhbərlərinə işinin təşkili ilə bağlı geniş təlim–tədris dərsləri verib.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, dərslərdə "Mərkəzlərdə elmi tədqiqat işinin planlaşdırılması və aparılması", "Mədəni–kütləvi tədbirlərin təşkilinə rəhbərlik, ekskursiya, sərgilərin hazırlanması və təşkilinə nəzarət" mövzularına daha geniş yer ayrılıb.
Təlim–tədris dərslərinin iştirakçıları, həmçinin muzeydə aparılan iş təcrübəsi ilə yaxından tanış olublar. Muzeyin ekspozisiyası ilə tanış olan mədəniyyət işçilərinə buradakı müxtəlif şöbələrin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Heydər Əliyev mərkəzlərinin direktorları Azərbaycan Xalça Muzeyinin fəaliyyətini yüksək qiymətləndirib və buradakı iş təcrübəsindən bəhrələnəcəklərini bildiriblər. Onlar "Fond", "Ekspozisiya", "Kütləvi iş", "Uşaq muzeyi" şöbələri, kitabxana və muzeyin digər iş prinsipləri ilə yaxından tanış olub, rəy kitabında maraq doğuran təəssüratlarını bölüşüb, xatirə şəkilləri çəkdiriblər.