ELM VƏ TƏHSİL
Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək
Bakı, 18 mart, AZƏRTAC
Martın 21-dən 26-dək respublikanın regionlarında yerləşən dövlət uşaq müəssisələrinin şagirdləri üçün Bakı şəhərinə ekskursiyaların təşkili planlaşdırılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məqsəd şagirdlərin yaz tətillərini səmərəli təşkil etmək, onları mədəni-tarixi abidələr və muzeylərlə tanış olmalarına şərait yaratmaqdır.
Tətil müddətində regionlardakı müəssisələrdən gələn şagirdlər Bakı şəhərində fəaliyyət göstərən internat məktəblərində qonaq olacaqlar.
Şəhidlər xiyabanı, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (Qız qalası, Şirvanşahlar sarayı), Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu, Dövlət Bayraq Meydanı və Azərbaycan Milli İncəsənət Muzeyi və digər tarixi yerlərə təşkil olunan ekskursiyalara regionlardan gələn şagirdlərlə yanaşı, ev sahibliyi edəcək internat məktəblərinin şagirdləri də qatılacaqlar.
Bakı şəhərindəki müəssisələrdə şagirdlər üçün əyləncəli proqramların təşkili də nəzərdə tutulub.