MƏDƏNİYYƏT
Regionlardakı turizm informasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı treninq keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Bakı Turizm İnformasiya Mərkəzində bölgələrdə turizmin inkişafı, bu sahədə fəaliyyətin genişləndirilməsi və turizmin təbliğinə həsr olunmuş treninq keçirilib. Treninqdə bu il yaradılan Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarının turizm informasiya mərkəzlərinin direktorları iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev məruzə ilə çıxış edərək yeni yaradılmış turizm informasiya mərkəzlərinin fəaliyyət istiqamətləri, müxtəlif turizm müəssisələri ilə işin qurulması barədə geniş məlumat verib.
Qeyd olunub ki, bölgələrə səfər edən turistləri düzgün istiqamətləndirmək, onları istəklərinə uyğun hotellərdə yerləşdirərək və yüksək səviyyədə xidmətin təşkil olunması vacibdir. Elə etmək lazımdır ki, turist gələcəkdə yenidən həmin turizm müəssisəsinə gəlmək istəsin. Bölgə haqqında müxtəlif dillərdə ətraflı məlumatların əks olunduğu, turistlərin mənalı istirahətinin təşkili üçün muzeylərə, teatrlara və tarixi abidələrə ekskursiyaların təşkili barədə dolğun informasiyanın yer aldığı çap və elektron vasitələrindən geniş istifadə etmək lazımdır.
Zakir Əliyev bölgələrdə yerləşən turizm obyektləri ilə sıx əlaqələrin qurulmasının, keçirilən mədəni-kütləvi tədbirlərdə, festivallarda iştirakın vacibliyini diqqətə çatdırıb.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov turizmin təbliğində yeni imkanlardan söz açıb. Bildirib ki, müasir informasiya vasitələrindən və sosial şəbəkələrdən geniş istifadə etmək lazımdır. Bu resurslarda bölgənin turizm imkanları haqqında ətraflı məlumatlar yerləşdirilməlidir. Biz də bu sahədə bütün turizm informasiya mərkəzlərinə öz köməkliyimizi göstəririk. Yaxın vaxtlarda yeni təşkil olunan turizm informasiya mərkəzlərinin də saytları yaradılacaq.