REGİONLAR
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı Abşeron rayonunda uğurla icra olunur
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edənlər məktəbin yeni korpusunun istifadəyə verilməsi münasibətilə müəllim və şagird heyətini təbrik ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, son illər respublikamızda yüzlərlə məktəbin tikilməsi, bir çoxunun isə yenidən bərpası təhsilə göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin təminatına daha geniş imkanlar açır.
Qeyd edilib ki, rayonda həyata keçirilən irimiqyaslı layihələr sırasında Dövlət Proqramı çərçivəsində yeni məktəblərin inşası, mövcud binaların isə əsaslı təmiri mühüm yer tutur. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” Uşaq evləri və internat evlərinin inkişafı” proqramlarının və digər layihələrinin bu sahənin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Diqqətə çatdırılıb ki, 840 şagird yerlik 1 nömrəli tam orta məktəb də görülən işlərin tərkib hissəsidir. Dövlət Proqramı çərçivəsində rayon ərazisində təkcə bu il 2 məktəb tikilib və 2 tədris korpusu istifadəyə verilib.
Açılış mərasimindən sonra məktəblə tanışlıq olub. Bildirilib ki, inşasına bu il başlanılan təhsil ocağı 3 mərtəbəlidir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən guşə yaradılıb. Məktəb binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunub. Ümumilikdə 42 sinif otağı olan məktəb yeni avadanlıqla da təchiz edilib.