SİYASƏT
Regionun inkişafı və sabitlik üçün Dağlıq Qarabağ münaqişəsi mütləq həll edilməlidir VİDEO
Noyabrın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə regiondakı mövcud vəziyyət müzakirə edilib.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
E.Məmmədyarov britaniyalı nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu yaxınlarda Parisdə keçirilmiş görüş haqqında məlumat verdiyini bildirib, Azərbaycanın mövqeyini diqqətə çatdırdığını vurğulayıb. Nazir qeyd edib ki, sülhə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Yalnız bundan sonra regionun inkişafına, sabitliyə imkan yaranacaq.
Nazir Devid Lidinqton bildirib ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsinə kömək etməyə hazırdır. Dağlıq Qarabağda baş verənlərin çoxlu sayda insanın həyatına təsir edən faciə olduğunu söyləyən nazir ölkəmizə səfəri zamanı məcburi köçkünlərin vəziyyəti ilə də tanış olduğunu diqqətə çatdırıb.
“Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır”, - deyən D.Lidinqton bu problemin 20 ildir bölgənin inkişafına əngəl yaratdığını vurğulayıb.